Saytda axtarış

İbrətamiz kəlamlar
Vaxt gedir
 
məqalələr
Cinayət məsuliyyətinə cəlb olunan uşaqlarla nə etməli...
Hər zaman uşaqları gələcəyimiz hesab edirik. Amma bəzən bilmədən də, onların gələcəyini əlindən alırıq. Sözsüz ki, burda onların da günahı az deyil. Məsələn, uşaqların başından böyük hərəkəti nəticəsində həbs edilməsi məsələsinə görə, böyüklərin təfəkküründə ikili münasibət formalaşır. Bir qisim insanlar belə uşaqların həbs olunması, qapalı müəssisələrə cəlb edilməsi və beləliklə bu yolla tərbiyələnməsinin tərəfdarıdır, digər tərəf isə bu yolun uşaqları əksinə uçuruma doğru apardığını iddia edir.

İstintaq dövründə uşaqlar həbsə yox, islaha cəlb olunmalıdır. Bu uşaqların vəziyyətinin yüngülləşdirilməsi, onların həbsinə alternativ xarakterli tədbirlərin görülməsi, cəmiyyətdən təcrid olunmamaqla sosial iş aparılması vacib şərtdir. Artıq bu istiqamətdə Azərbaycanda 4 ilə yaxındır ki, iş aparılır.
Bunun üçün Uşaq Hüquqları Klinikası, Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Mərkəzin psixoloqu Asəf Kərimov bildirib ki, qanunla münaqişədə olan Uşaq və Gənclərin Sosial Reablitasiya Mərkəzinin yaradılmasında məqsəd cinayət məsuliyyətinə cəlb olunan yetkinlik yaşına çatmayan şəxsin bir daha cinayət törətməsinin qarşısını almaqdır. 4 il ərzində mərkəzə 102 yetkinlik yaşına çatmayan şəxs cəlb edilib ki, onlardan 33 nəfəri təkcə bu ilin 6 ayı ərzində qəbul edilib. Mərkəz əsasən, Bakının rayonları ilə işləyir. Bura ağır cinayət törədənlər daxil deyil. Reablitasiyaya cəlb edilənlərin əksəriyyəti dərsdən yayınanlar, müəllim-şagird və ailə münaqişəsi zamanı qanun pozuntusuna yol verənlərdir.

“Uşaqlar qanunla münaqişədə olandan sonra onların hüquqlarının müdafiəsi və onlarla profilaktik iş təşkil olunsun, onların qapalı müəssisələrə cəlb olunmasının qarşısı alınsın. Əslində uşaqlar məhkum olandan sonra onlar islah və reablitasiya olunmurlar, əksinə daha təkmil variantda yeni baxışlarla çıxmış ideoloji gənclərə çevrilirlər” söyləyən Uşaq və Gənclərin Reabilitasiya Mərkəzinin psixoloqu Asəf Kərimov uşaqların tərbiyə almasında bunun böyük rol oynadığını bildirdi.

Reabilitasiya mərkəzində uşağa qarşı 4-6 aylıq iş aparılarkən uşağın cəmiyyətdən təcrid olunmaması, risk qrupuna daxil olmaması və yenidən cinayət törətməməsi üçün profilaktik tədbir görülür. Bu cür uşaqlar polislər, məhkəmələr və prokurorluq orqanları, həmçinin yerli icra hakimiyyətlərinin yetkinlik yaşına çatmayanlar üzrə komissiyaları tərəfindən reabilitasiyaya cəlb edilir. Bu zaman uşağı təhvil verən dövlət orqanına mərkəz tərəfindən hesabat təqdim edilir. Mərkəzdə uşaqlarla psixoloqlar, sosial işçilər, idman müəllimləri və pedaqoqlar məşğul olur. Proqram uşaqlar üzərində tətbiq olunandan sonra da onlar nəzarətdə saxlanılır. Statistikaya görə, mərkəzə müraciət edən 102 nəfərdən yalnız ikisi təkrar cinayət törədib. Proqrama əsasən, Uşaq Hüquqları Klinikası Bakının 3 rayonunda Nərimanov, Nizami, Xətai rayon polis idarələrində polis uşaq otaqları yaradıb.

Uşaq Hüquqları Klinikasının direktoru Nazir Quliyevin sözlərinə görə, yetkinlik yaşına çatmayanlar arasında neqativlərin baş verməsində əsas vasitəçi rolunu natamam ailələr oynayır. Mərkəz tərəfindən nəzarətə götürülən uşaqların ailələri ilə də iş aparılır. Onların sosial problemlərinin həlli istiqamətində fəaliyyət göstərilir. 4 il ərzində Uşaq Hüquqları Klinikası 500 hüquqi yardım göstərib. Uşaqlar islah, alternativ xidmətlərə yönəldilib.

Dəyirmi masada iştirak edən Respublika Baş Prokurorluğunun istintaqa nəzarət idarəsinin baş prokuroru Fərman Rzayev istintaq dövründə uşaqların həbsinə alternativlər probleminin hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarına birbaşa məsul iş olduğunu dedi. Çünki bəzi işlərin istintaqı məhz bu orqan tərəfindən aparılır. Qanunda göstərilir ki, cinayət işi başlanarkən şəxsən prokuror tərəfindən onun dindirilməsi nəzərdə tutulur. Cinayət prosesual məcəllənin 434-cu maddəsində isə yetkinlik yaşına çatmayanlarla bağlı göstərilir ki, onlara qarşı qəti-imkan tədbiri o halda seçilir ki, şəxs az ağır, ağır və xüsusilə ağır cinayət törətmiş olsun. Bu halda yetkinlik yaşına çatmayan azadlıqdan məhrum edilə bilər.

“Dilənçilik, avaraçılıq, dərsdən yayınma kimi hallara hüquq-mühafizə orqaları diqqət yetirməlidir. Bu problemlərlə bütün dövlət qurumları məşğul olmalıdır. Bu sahədə ixtisaslaşdırılmış hüquq-mühafizə orqanının yaradılması təsis olunmalıdır. Təklifləri biz dəstəkləyirik, xüsusi kateqoriya şəxslərlə işlənməlidir, DİN nəzdində yetkinlik yaşına çatmayanların müfəttişlikləri var”, - deyə Fərman Rzayev vurğulayıb.

Qeyd edək ki, Sovet dövründə prokurorluq orqanlarının da nəzdində azyaşlılarla iş şöbələri fəaliyyət göstərirdi. Yeni proqram isə uşaq hüquqları üzrə Azərbaycan QHT təşkilatları funksiyasını həyata keçirən Ümidli Gələcək Gənclər Təşkilatı, DİN, UNİCEF, BMT-nin insan hüquqları üzrə Ali Komissarlığı, ATƏT-in Bakı ofisi, Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyinin dəstəyilə həyata keçirilir.
Bookmark and Share
ANS PRESS
 
  2008 © Xeyriyyə
Materiallardan istifadə edərkən www.xeyriyye.com saytına istinad zəruridir